Ulu öndərin Milli Kitabxanada çıxışları


vBooks Mobil Virtual Kitabxana proqram təminatı istifadəyə verilib. Android qurğuların istifadəçiləri öz mobil qurğularına yükləyə bilər.


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   20.12.2012 | Azərbaycan kitabxanaçılarının Ümumrespublika Müşavirəsi


Hörmətli müşavirə iştirakçıları,
Hörmətli qonaqlar.


Azərbaycan Respublikasının qlobal informasiya mühitinə daxil olması, ölkəmizdə informasiya cəmiyyətinin formalaşması, informasiya resurslarını qoruyan və cəmiyyətin informasiya təminatını həyata keçirən kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılmasını zəruri etmişdir və məhz bu səbəbdən bu gün biz müasir dövrün vacib humanitar sahələrindən biri olan kitabxanaçılıq-informasiya fəaliyyətinin mövcud durumunu müzakirə etmək üçün bir araya gəlmişik.
Qlobal cəmiyyət mühitində kitabxanaların həm də informasiya məkanı funksiyası daşıması, bu mədəniyyət ocaqlarının üzərinə yeni vəzifələr qoyur. Heç şübhəsiz ki, kitabxanaların uğurlu fəaliyyəti hər bir kitabxanaçının fərdi qabiliyyəti, təhsil səviyyəsi və fədakar əməyi sayəsində mümkün ola bilər.
Ötən əsrin 90-ci illərin əvvəllərində ciddi çətinliklərlə üzləşən kitabxana şəbəkəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi sayəsində tədricən dirçəlməyə başladı. 1998-ci ildə “Kitabxana iş haqqında” Qanun imzalandı. Qanun qüvvəyə mindikdən sonra kitabxanalara münasibət əhəmiyyətli şəkildə dəyişdi. 2007-ci il 20 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırması haqqında” Sərəncam imzaladı. Bir il sonra «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» təsdiq olundu.
2011-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərancamda Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yeni binasının tikilməsinə dair bəndin olması bu sahəyə dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Mən inanıram ki, yuxarıda sadalanan direktiv sənədlərdə nəzərdə tutulan vəzifə və problemlər bu gün Elmi konfransın əsas müzakirə mövzusu olacaqdır. Konfransı açıq elan edirəm və onun işinə uğurlar arzulayıram.
Azərbaycanda informasiya və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzrərinə mühüm vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə ödənişsiz informasiya xidməti göstərən sosial institutdur. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir.
Kitabxana-informasiya şəbəkəsinin inkişafı, əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır.
Hazırda respublikamızda müxtəlif nazirliklərin, komitə və idarələrin tabeçiliyində olan
11 mindən çox kitabxana fəaliyyət göstərir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sisteminə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Respublika Gözdən Əlillər kitabxanası, regionlarda 8 şəhər və 64 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Bakı şəhərində
11 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Naxçıvan MR-da isə 2 respublika əhəmiyyətli kitabxana və 7 Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə 3500-ə yaxın kitabxana və filiallar daxildir.
Respublikada Mədəniyyət və Turizm Nazirliyindən başqa ən böyük kitabxana-informasiya şəbəkəsi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, habelə Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində fəaliyyət göstərir.
Kitabxana-informasiya sahəsinin inkişafı daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bunun bariz nümunəsi olaraq cənab Prezident tərəfindən bu sahənin inkişafına dair “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” və «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında sərəncamları xüsusi qeyd etmək olar. Ölkə tarixində ilk dəfə olaraq bu sənədlərdə Azərbaycanda kitabxanaların inkişaf istiqamətləri aydın göstərilmiş, kitabxana-informasiya sahəsinin aktual problemlərinin kompleks şəkildə həlli yolları göstərilmiş, aidiyyatı instansiyalara konkret tapşırıqlar verilmişdir.
Dövlət Proqramı imzalandıqdan sonra kitabxana-informasiya sahəsinə dövlət büdcəsindən 2009-cu ildə 1 milyon 159,4 min manat, 2010-cu ildə 1 milyon 026,7 min manat və 2011-ci ildə isə 1 milyon 002,4 min manat vəsait ayrılmışdır.
Diqqətinizə çatdırmaq istəyirəm ki, bugün ölkə kitabxanalarının fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları saxlanılır və oxucuların istifadəsinə verilir.
Azərbaycanda əlifba islahatları aparıldıqdan sonra kitabxanaların qarşısında duran əsas problem kitabxana fondlarını yeni latın qrafikalı nəşrlərlə komplektləşdirmək olmuşdur.
Bu istiqamətdə də dövlət tərəfindən atılan addım xüsusi ilə təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı tarixi sənəd respublikamızın kitabxanaları üçün yeni-yeni imkanlar açmış oldu. Dövlətimiz məhz bu strateji məsələni öz üzərinə götürdü. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar və 27 dekabr 2004-cü il tarixli Sərəncamları ilə nəşr olunmuş ədəbiyyat inciləri, o cümlədən Azərbaycan klassiklərinin əsərləri bütün kitabxanalara əvəzsiz olaraq paylanmışdır. Kolleksiyalara Azərbaycan xalq ədəbiyyatı, klassik Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan ədəbiyyatı, ədəbiyyatların antologiyaları, dünya ədəbiyyatı, dünya uşaq ədəbiyyatı, lüğət və ensiklopediyalar daxil edilmişdir.
Cənab Prezidentin Sərəncamı ilə nəşr olunan kitabların tam mətnini elektron formada oxuculara çatdırmaq məqsədilə (Elektron Kitabxana vasitəsi ilə) müvafiq işlər həyata keçirilmiş, həmin əsərlər bir sıra aparıcı kitabxanaların veb-saytında yerləşdirilmişdir.
Kitabxana fondlarının zənginləşdirilməsi məqsədi ilə Nazirlik tərəfindən də mühüm işlər aparılır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına alınmış kitablar Milli Kitabxana, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Respublika Kitabxana Kollektoru tərəfindən tabeçiliyindən asılı olmayaraq bütün kitabxanalara əvəzsiz olaraq paylanılır. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına
200-dən çox müəllifin kitabları alınmış və Nazirlik tərəfindən hazırlanmış bölgü siyahısı əsasında respublika kitabxanalarına paylanılmışdır.
Son 5-6 il ərzində dövlətin mədəniyyət siyasətinə uyğun olaraq nəşr edilən və ölkə kitabxanalarına əvəzsiz olaraq verilən latın qrafikalı kitabları xüsusi qeyd etmək istərdim. Nazirliyin nəşr layihəsi çərçivəsində son 5 illikdə 250 addan çox kitab işıq üzü görmüşdür.
Onu da qeyd etmək lazımdır ki, bugün Azərbaycanda kitabxanalarının komplektləşdirməsi istiqamətində əsas problem kitabxanaların oxucu sorğularına uyğun yeni nəşrlərlə təmin edilməsidir. Aparılan montorinqlər nəticəsində məlum olmuşdur ki, kitabxana fondlarının yeni elm sahələrinə dair nəşrlərə, məlumat, multimedia nəşrlərə, audio nəşrlərə, uşaq ədəbiyyatına ehtiyac böyükdür.
Kitabxanaların komplektləşdirilməsi məsələlərindən danışarkən mən bu istiqamətdə fəaliyyət göstərən Respublika Kitabxana Kollektoru haqqında danışmaq istəyirəm. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya müəssisələrini nəşrlərlə təmin edən Kitabxana Kollektoru kitabxanaların nəşrlərə ehtiyacını müəyyən etmək üçün sorğular keçirməli və öz işində müasir iş üsullarına geniş yer verməlidir. Müasir dövrün tələblərinə uyğun olaraq kitabxanalara təklif olunan nəşrlər arasında dərslik, lüğət, ensiklopediya, monoqrafiya, məlumat-sorğu nəşrləri, xəritə, not, audio-vizual nəşrlər, danışan kitablar, elektron kitablara üstünlük verməli, nəinki Azərbaycan, habelə dünyada nəşr olunan rus, ingilis, alman, fransız, türk və s. dillərdə kitablar Azərbaycan kitabxanalarına təqdim olunmalıdır.
Kitabxana Kollektoru ənənəvi vasitələrlə yanaşı öz fəaliyyətində elektron xidmətlərdən geniş istifadə etməli, kitab qeydiyyatı və satışı proseslərini avtomatlaşdırmalı, İnternetlə respublikanın bütün kitabxanalarına öz resurslarını təqdim etməli və onların elektron sifarişinə imkan yaratmalıdır.
Bundan başqa, Respublika Kitabxana Kollektoru yalnız Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən kitabxanalara deyil, tabeçiliyindən asılı olmayaraq respublikanın 10 minə yaxın kitabxanası ilə əlaqələr yaratmalı və onları nəşrlərlə təmin etmək istiqamətində əməli işlər görməlidir.
Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, iqtisadi sahədə qazanılan uğurlar, əhalinin həyat səviyyəsinin yaxşılaşması mədəniyyətin bir hissəsi olan kitabxanaların da qarşısında yeni imkanlar açmışdır. İndiki şəraitdə Azərbaycan kitabxanaları oxucuların cəlb edilməsi, əhalinin mütaliə marağının artırılması və itirilmiş oxucu auditoriyasının yenidən qazanılması istiqamətində ciddi işlər aparmalıdırlar.
Bu gün kitabxanaların əksəriyyətində oxucu problemi tədricən aradan qaldırılır. Nümunə kimi Bakı kitabxanalarını qeyd etmək olar. Son 3 ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilmişdir. Belə layihələrdən “Səyyar kitabxanaçı” layihəsi xüsusi ilə təqdirəlayiqdir. Layihə əhaliyə səyyar kitabxana xidməti göstərmək məqsədilə həyata keçirilir. Əhalinin mütaliəyə, kitabxanaya olan marağını və oxucu fəallığını artırmaq üçün reallaşdıran “Səyyar kitabxanaçı” layihəsi əsasən kitabxanalara getmək iqtidarında olmayan və ya getməkdə çətinlik çəkən oxucular üçün nəzərdə tutulmuşdur.
Nazirliyin təşəbbüsü ilə hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr edilmiş və respublikanın şəhər, rayon kitabxanalarının təşkil etdiyi “Kitab bayramları”nın keçirilməsi təqdirəlayiq haldır.
Çıxışımda Azərbaycanda kitabxana – informasiya sahəsində dövlət siyasətini həyata keçirən, ölkənin ən böyük kitabsaxlayıcısı M.F.Axundov adına Milli Kitabxananın fəaliyyəti haqqında da danışmaq istəyirəm.
Milli Kitabxana Azərbaycanda keçirilən beynəlxalq mədəni tədbirlərin (TÜRKSOY, Humanitar Forum) bir növ mərkəzinə çevrilmiş və ölkənin mədəni həayatının canlanmasında rolu əvəzsizdir. Kitabxana türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi, yazıçı, publisist Abdulla Tuqayın 125 illiyi, yazıçı – dramaturq Sabit Rəhmanın 100 illiyinə həsr olunmuş tədbirlər keçirmişdir.
Milli Kitabxanada keçirilən mötəbər kitab təqdimatları, tədbirlər Azərbaycanda kitab, mütaliə və kitabxana işinin nüfuzunun yüksəldilməsinə, ölkənin mədəni həyatında canlanmaya səbəb olur. Belə təqdimatlardan ictimai xadim, jurnalist Mixail Qusmanın “Formula vlast”, Türkmən şairi Məxtunqulunun həyat və yaradıcılığına həsr olunmuş kitabların təqdimatı qeyd etmək olar.
Azərbaycan həqiqətləri ilə bağlı təbliğatı işlərin aparılması, informasiya bmüharibəsində Azərbaycanın haqq işinin dünyaya yayılması istiqamətində mühüm işlər aparılır. Xocalı faciəsinə dair “Xocalı” adlı elektron məlumat bazası, “Xocalı – şəhid şəhər”, “20 il Şuşasız” adlı kitab sərgiləri bu istiqamətdə aparılan işlərin əsas tərkib hissəsidir. Onu da qeyd edim ki, Nazirlik işğal altında olan şəhər və rayon mədəniyyət və turizm şöbələri və kitabxanaları ilə birlikdə apardığı tədqiqat işlərinin nəticəsi olaraq Azərbaycanın işğal altında olan torpaqlarında dağıdılmış kitabxanalar və onların sərvətləri haqqında “Məhv edilmiş sərvətlər, dağıdılmış kitabxanalar” adlı kitabça nəşr etmişdir.
Azərbaycanın tanınmış şəxsiyyətlərinin, elm və ictimaiyyət xadimlərinin irsinin təbliğ edilməsi, onlar haqqında mənbələrin müəyyən edilməsində hazırlanan biblioqrafik məlumat kitablarının əhəmiyyəti böyükdür.
Milli Kitabxana tərəfindən Nizami Gəncəvi, M.F.Axundzadə, M.Ə.Sabir, Fikrət Əmirov, Aşıq Ələsgər, Müslüm Maqomayev və s. şəxsiyyətlərin irsi və yaradıcılığı onların şəxsi biblioqrafiyasında işıqlandırılmışdır.
Kitabxana-informasiya şəbəkəsinin informasiyalaşdırılması, Elektron kataloq və Elektron kitabxanaların yaradılması, Veb-saytların təşkili və resursların İnternetə çıxarılması istiqamətində də bir sıra işlər həyata keçirilmişdir.
Nazirlik tərəfindən kitabxanaların avtomatlaşdırılması məsələlərinə xüsusi önəm verilmiş və bu məqsədlə 2009 və 2010-cu illər “kitabxanaların avtomatlaşdırılması ili” elan edilmişdir. Artıq respublikanın bütün şəhər və rayon Mərkəzi kitabxanalarının Veb-saytları yaradılmış və İnternet şəbəkəsinə çıxarılmışdır. Bir çox şəhər və rayonlarının MKS-də Elektron kataloqlar yaradılmışdır. Hazırda elektron resursların mərkəzləşdirilməsi və təkmilləşdirilməsi işləri aparılır.
2010-cu ildə M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanda müdafiə olunan disertasiyaların və onların avtoreferatlarının elektron məlumat bazasının təqdimatı olmuş və qeyd olunan Disertasiya Mərkəzi Azərbaycan elmi, habelə tədqiqatçılarımız üçün yeni-yeni imkanlar açmasına imkan verəcəkdir.
Bu sahədə əsas problem kimi yerlərdə kitabxanaların kompyuterlə, internetlə təminatının zəif olmasıdır. Əksər şəhər, kənd və qəsəbə kitabxana filiallarında kompyuter, telefon xətti və İnternet yoxdur.
Bundan başqa, respublikanın şəhər, rayon MKS-lərinin xərclər smetalarını təhlili zamanı məlum olmuşdur ki, əksər MKS-lərə İnternet xərcləri maddəsi üzrə vəsait ümumiyyətlə ayrılmamışdır. Bu isə XXI əsrdə Azərbaycan kitabxanalarının öz işlərini müasir səviyyədə qurmaq və öz resurslarını İnternet qlobal şəbəkəsinə çıxarmaq imkanlarını məhdudlaşdırır.

Hörmətli müşavirə iştirakçıları,
Kitabxanaların maddi-texniki təminatının yaxşılaşdırılması, oxucuların informasiya tələbatının müasir səviyyədə təşkili Nazirliyin qarşısında prioritet məsələ olaraq qalmışdır.
Mövcud imkanlar daxilində Nazirlik tərəfindən bir sıra kitabxanalar əsaslı təmir edilmiş və onlar yeni inventar və avadanlıqlarla təmin edilmişdir.
Xüsusi hadisə kimi qeyd etmək istəyirəm ki, Nazirliyin dəstəyi ilə uşaq oxucularımızın informasiya tələbatını təmin etmək üçün F.Köçərli adına Respublika Uşaq Kitabxanası müasir tələblərə cavab verən yeni binaya köçürülmüş, kitabxananın sahəsi müasir üslubda təmir edilmiş, habelə kitabxana inventar və avadanlıqla təmin edilmişdir.
Bundan başqa, Balakən rayon Mərkəzi Kitabxanası, Xaçmaz rayon Uşaq və Gənclər Kitabxanası, Şabran rayon Kitabxana-Multimedia Mərkəzi, Abşeron rayon MKS-nin Fatmayi kənd kitabxana filialı üçün yeni bina inşa olunmuş və oxucuların istifadəsinə verilmişdir.
İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının bərpasını təmin etmək məqsədilə Füzuli rayonunda Mahmudlu-1 kəndində yerləşən rayon Mərkəzi Kitabxanası şəraiti daha yaxşı və müasir səviyyədə inşa edilən I Zobucuq kəndinə, Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən Laçın rayon Mərkəzi Kitabxanası daha geniş və şəraiti yaxşı olan yeni binaya köçürülmüşdür.
Xocavənd rayonunun Mərkəzi Kitabxanasının müvəqqəti olaraq xocavəndlilərin kompakt yerləşdiyi Beyləqan rayonunda, Cəbrayıl rayon Mərkəzi Kitabxanasının isə Biləsuvar rayonunda fəaliyyətləri bərpa edilmiş, şuşalılar, xocalılar, ağdamlıların, füzulilər üçün yeni salınmış qəsəblərdə kitabxana filialları üçün sahələr ayrılmış və onlar öz oxucularına xidmət etməyə başlamışlar.
Bundan başqa, Yevlax, Şəki, Sumqayıt şəhər Mərkəzi Kitabxanaları əsaslı təmir edilmiş, modernləşdirilmiş, müasir inventar və avadanlıqlarla təchiz edilmişdir.
Nazirlik tərəfindən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri, Sabunçu rayon MKS-nə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Qusar, Tərtər, Füzuli rayon MKS-lərinə kompyuter, printer, skaner və s. avadanlıqlar əvəzsiz olaraq verilmişdir.
Lakin bununla belə respublikanın əksər şəhər, qəsəbə, kənd kitabxana filialları üçün yeni binaların inşa olunmasına, mövcud binaların əsaslı təmirinə ciddi ehtiyac vardır.
Aparılmış təhlil göstərir ki, respublikanın şəhər, qəsəbə, kənd kitabxana filiallalarının 70 faizi müasir tələblərə cavab vermir, Siyəzən, Şəmkir, Ağcabədi, rayon mərkəzi kitabxanalarının yerləşdiyi binalar qəza vəziyyətindədir.
Yerli icra hakimiyyəti orqanları tərəfindən kitabxanaların inkişafı üçün ayrılan vəsaitin həcmi kitabxana sahəsinin sürətli inkişafına imkan vermir. Bu günə qədər respublikanın regionlarında müasir tələblərə cavab verən nümunəvi kənd kitabxanası yaradılmamışdır. Kitabxana filiallarının sahəsi darısqal olduğundan, orada oxu zalı təşkil etmək qeyri – mümkündür. Bütün bunlar növbəti illərdə həllini gözləyən əsas problemlər kimi gündəlikdə qalmaqdadır.
Nazirliyin tabeliyində olan 4 respublika əhəmiyyətli kitabxana, habelə bir sıra şəhər, rayon MKS-ləri 2007-ci ildən Rusiya Federasiyasının Hüquqi informasiya məlumat bazasına ödənişsiz daxil olması üçün YUNESKO-nun «İnformasiya hamı üçün» Proqramının Rusiya Komitəsi ilə razılıq əldə edilmiş və kitabxanalar ödənişsiz olaraq bu bazaya daxilolma imkanı əldə etmişlər. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılan İctimai Hüquqi - İnformasiya Mərkəzinin işi təkmilləşdirilmiş, oraya çoxlu sayda hüquqi ədəbiyyat alınmış, respublikanın bir sıra şəhər, rayon kitabxanalarında hüquqi – informasiya, uşaq hüququ informasiya mərkəzlərinin yaradılması işi həyata keçirilmişdir.
Ötən illər ərzində kitabxanaların beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer ayrılmış, dünyanın qabaqcıl ölkələrinin kitabxana-informasiya sahəsində təcrübələrini öyrənmək məqsədilə kitabxana rəhbərləri və mütəxəssisləri bir sıra ölkələrdə təcrübələr keçmişlər.
Ümumiyyətlə, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində aparılan işlər öz nəticəsini vermişdir: ABŞ, İsveç, Avstriya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Bosniya və Hersoqovina, İran, Rumıniya, Belarus, Özbəkistan, Ukrayna, İndoneziya, Çexiya və bir sıra ölkələrin kitabxanaları ilə əlaqələr yaradılmış və onlarla qarşılıqlı kitab mübadiləsi həyata keçirilmişdir.
Nazirliyin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan kitabxanaçıları 2008-ci ildən etibarən hər il keçirilən “Krım”, “LİBKOM”, “İFLA”, “CENL”, “SOÇİ” Beynəlxalq kitabxana konfranslarında iştirak edirlər.
Kitabxana – informasiya sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsində Milli Kitabxananın üzərinə mühüm vəzifələr düşür. Ötən 3 il ərzində Estoniya, İordaniya, İsveçrə, Moldova, Macarıstan, Yunanıstan milli kitabxanaları ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandumlar imzalanmışdır. Kitabxana Almaniyanın Frankfurt şəhərində hər il ənənəvi olaraq keçirilən Beynəlxalq Kitab Sərgisində də fəal iştirak edir.
Bu cür kitab sərgilərinin Azərbaycanda da keçirilməsi xüsusi ilə önəmlidir. Nazirlik tərəfindən Azərbaycanda yüksək səviyyədə II Beynəlxalq Bakı Kitab Sərgi Yarmarkası keçirilmişdir. Sərgi yarmarkasında nəinki Azərbaycanda, bir çox xarici ölkələrdə nəşr edilən kitablar nümayiş etdirilmişdir.
Qeyd etməliyik ki, şəhər, rayon MKS-lərinə xarici ezamiyyələr üzrə maliyyə vəsaiti ayrılmaması səbəbindən kitabxanaçılar yalnız Nazirliyin maliyyə vəsaiti ilə xarici ezamiyyələrə göndərilir. Hesab edirik ki, gələcəkdə bu məsələyə bir daha baxılmalı, ilkin olaraq respublika əhəmiyyətli böyük şəhərlərin MKS-lərinə xarici ezamiyyələr üçün vəsait ayrılmalıdır.
Kitabxanaçıların əməyinin stimullaşdırılması Nazirliyin diqqət mərkəzində olmuşdur. Belə ki, ötən illər ərzində bir neçə qabaqcıl kitabxanaçı Əməkdar Mədəniyyət İşçisi Fəxri adı, “Tərəqqi medalı”, habelə onlarla kitabxanaçı Nazirliyin Fəxri fərmanları və pul mükafatları ilə təltif edilmişlər.
Bundan başqa, hər il Kitabxana – informasiya sahəsində təsdiq olunmuş Dövlət Proqramının icrası məqsədi ilə “İlin nümunəvi mərkəzləşdirilmiş kitabxana sistemi”, “İlin ən yaxşı kitabxanaçısı” respublika müsabiqəsi keçirilir, qaliblər Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı və pul mükafatı ilə təltif edilirlər.
Respublikanın kitabxana tarixində ilk dəfə olaraq qədim, unikal və nadir nəşrlərin reyestri hazırlanmışdır. Dövlət reyestrinə 3483 adda müxtəlif formada olan kitab abidəsi daxil edilmişdir. Onlardan Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində 1320 adda, Nazirliyin tabeçiliyində olmayan digər kitabxanalarda, arxiv və muzeylərdə 1919 adda, şəxsi kolleksiyalarda isə 244 adda kitab abidəsi qeydə alınmışdır. Sözügedən unikal və nadir nəşrlər haqqında məlumatların gələcək nəsillərə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə “Azərbaycanın kitab abidələri” DVD-si buraxılmışdır. Hazırda bu iş M.F.Axundov adına Milli Kitabxana tərəfindən davam etdirilir.
Mən çıxışımda Azərbaycanda hazırda ən aktual problem olan ölkənin kitab sərvətinin qeydiyyatı məsələləri haqqında fikir bildirmək istəyirəm. Sovet dövründə ölkədə çap olunan bütün nəşrlərin məcburi nüsxəsindən Azərbaycan Kitab Palatasına verilirdi. Azərbaycan Kitab Palatası isə bütün bu nəşrləri qeydiyyata alır və onlar haqqında biblioqrafik məlumat hazırlayırdı. Sonradan baş vermiş məlum dəyişiklərdən sonra Kitab Palatası fəaliyyətini dayandırdı. Hazırda respublikada nəşr olunan bütün nəşrlərin vahid qeydiyyatını aparan mərkəzin olmaması gələcəkdə Azərbaycanın kitab sərvəti haqqında məlumatların müəyyənləşməsində problemlərin yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, Dövlət Kitab Palatasının bərpası bizim qarşımızda duran əsas prioritetlərdən olmalıdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, keçmiş Sovet dövründə əsası qoyulmuş kitabxanaların dislokasiyası müasir dövrdə özünü doğrultmamışdır. Bir kənddə 3 və ya 4 kitabxana filialı yaradılmışdır ki, onların bina vəziyyəti, maddi-texniki təchizatı, kompyuter və müasir avadanlıq, lazımi inventar, kitab fondlarının mühafizəsi, yeni kitablarla, qəzet və jurnallarla təmin edilməsi, habelə Elektron kataloq və elektron kitabxananın yaradılması və İnternetlə təchizatında problemlər yaratmış olur. Bildiyiniz kimi maliyyə vəsaiti mərkəzləşdirilmiş qaydada hər bir şəhər, rayon MKS-nə ayrılır. MKS-in şəbəkəsində 80, 100, hətta 120 kitabxana filialının mövcud olması nəticəsində maliyyə vəsaiti bir neçə müəssisəyə ayrılır və bu zaman səmərəlilik azalır, kitabxanalar öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaq imkanından məhrum olurlar.
Şəhər və rayonlarda kitabxana şəbəkəsinin hədsiz yüklənməsi kitabxana-informasiya sahəsində yeni islahatların aparılmasına rəvac verdi. Nazirlik bu məsələni həll etmək üçün kitabxanaların struktur və ştat vahidlərinə dair normativ sənədi yenidən hazırlandı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli Qərarı ilə “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri” təsdiq olundu.
Qərarının icrası məqsədi ilə respublikanın bütün şəhər və rayon MKS-lərinin strukturunun təkmilləşdirilməsi və kitabxana filiallarının birləşdirilməsi işi həyata keçirilmişdir.
İslahatların aparılması zamanı əsas meyar bir kənddə, qəsəbədə bir neçə kitabxana filialının mövcudluğu, oxucuların sayının, kitab dövriyyəsinin, habelə kitabxana filialının fəaliyyətinin müasir tələblərə cavab verib-verməməsi əsas götürülmüşdür. Aparılan islahatlar nəticəsində müasir normalara cavab verməyən kitabxana filialları digər aktiv kitabxana filiallarına birləşdirilir.
İslahatlar aparılana qədər Nazirliyin kitabxana-informasiya şəbəkəsinə 4 300-ə yaxın kitabxana filialı mövcud olmuşdursa, islahatlardan sonra bu göstərici 3500-ə qədər endirilmişdir.
Lakin onu da qeyd etmək istərdim ki, respublikanın bir sıra şəhər və rayonlarında bu islahatlar aparılmamışdır. İndiyədək Sabirabad, Samux, Gədəbəy, Daşkəsən, Goranboy, Saatlı, Qax, Zaqatala rayonlarında və Yevlax şəhərində kitabxana filiallarının birləşdirilməsi layihəsi icra olunmamışdır.
Bu gün Gəncə və Sumqayıt şəhər, Ağstafa, Quba, Masallı, Astara, Ağdaş, Kürdəmir, Bərdə, Qazax, Xaçmaz, Ucar, Şamaxı, Qusar, Füzuli, Ağsu kitabxanaları öz fəaliyyət növləri və metodlarına görə fərqlənirlər.
Buna baxmayaraq, bir sıra kitabxanaların işində problemlər mövcuddur. Onların arasında Mingəçevir, Naftalan şəhər, Şuşa, Yardımlı, Gədəbəy, Abşeron, Biləsuvar kitabxanalarını qeyd etmək olar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli Qərarına əsasən kitabxanalarda multimedia mütəxəssisi ştatı yaradılmışdır. Lakin buna baxmayaraq kitabxanalar kompyuter avadanlığı ilə lazımi səviyyədə təchiz olmamışlar. Kitabxanalarda işləyən mütəxəssislərin böyük əksəriyyəti hələ də lazımi səviyyədə kompyuter biliklərini mənimsəməmişlər. Bu səbəbdən kitabxanaların informasiyalaşması işi ləngiyir.
Kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq üçün Beyləqan, Füzuli, Neftçala, Ucar, İsmayıllı, Quba, Xaçmaz, Salyan və b. rayonlarda 2012-ci il “Kitabxanalar İli” elan edilmiş, sözügedən rayon kitabxanaları kitabxana-informasiya sahəsinə dair təşəbbüslər, layihələr həyata keçirir.
Çıxışımın sonunda bir daha qeyd etməyi lazım bilirəm ki, Azərbaycan kitabxanaları müasir oxucunun tələbatına cavab vermək üçün öz fəaliyyələrini köklü surətdə dəyişdirməli, əhalinin informasiya tələbatını tam ödəmək iqtidarında olmalı, informasiya cəmiyyətinin qurulması işində dövlətimizin ən yaxşı köməkçisinə çevrilməlidir.
Diqqətinizə görə sağ olun!